Добавить материал и получить бесплатное свидетельство о публикации в СМИ
Эл. №ФС77-60625 от 20.01.2015
Инфоурок / История / Конспекты / Azərbaycanın maarif işığını yandıran ziyalılar

Azərbaycanın maarif işığını yandıran ziyalılar

  • История

Краткое описание документа:

Ziyalılar hər bir dövrdə millətin aparıcı dayağı hesab edilib. Başlanğıcını Qori müəllimlər seminariyasından götürən milli təhsilimiz XX əsrin əvvəllərində millətin, xalqın ictimai fikir tarixində, mədəniyyətində zamanı qabaqlayan böyük bir ziyalılar nəslini yetişdirdi. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, pedaqoji fikir tarixində müstəsna rol oynayan bu şəxsiyyətlər yorulmaq bilmədən çalışaraq xalqımızın maarif işığını yandırıb, ona həqiqətin yolunu göstərdilər. Amalı millәtə vә xalqa xidmәt etmәk olan bu mütərəqqi fikirli ziyalılaröz xalqının tarixini yaşatmaq, milli-mənəvi dəyərlərini qorumaq, onu inkişafa və tərəqqiyə çatdırmaq, qabaqcıl xalqlar sırasına çıxartmaq naminə qətiyyət göstərir, bu yolda var qüvvə ilə çalışırdılar.Lakin bu yol elə də asan deyildi…

          XIX əsrdəŞimali Azərbaycan Rusiya imperiyasının tərkibinə daxil idi. Burada  müstəmləkə əsarəti altında müxtəlif xalqlar və millətlər yaşayırdılar. Çar Rusiyası xalqlar həbsxanası, çar hökuməti idarələrinin başında oturanların böyük əksəriyyəti isə qaraguruhçu millətçi idi. Onların siyasəti çar Rusiyası ərazisində yaşayan başqa xalqların mənafeyinə qarşı yönəlmişdi. Həmin dövrdə ucqarlarda millətlərin baş qaldırmasına mane olmaq üçün xalqların savadlanmasına imkan vermir, ruslaşdırma siyasəti aparılırdı.

Belə bir şəraitdə Azərbaycan ziyalıları millətin taleyini düşünürdülər.        M. F. Axundov, H. B. Zərdabi kimi ziyalılarımız xalqın gözünü açmağa, xalqın maariflənməsinə çalışırdılar. Onlar yaxşı bilirdilər ki, xalq kütlələrinin avamlığı, cəhalət içində olması Azərbaycan xalqının milli əsarətdən çıxmasına mane olur. Əsas tədris ocaqlarının məktəb və mədrəsələr olduğu həmin dövrdə dərsləri mollalar tərəfindən keçirildi. Yalnız əsrin sonlarında məktəblərdə bəzi dünyəvi elmlər də tədris olunmağa başlandı.

1876-cı ildə qafqaz xalqlarının – gürcülərin, ermənilərin, dağıstanlıların və tatarların ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə      (Gürcüstan) Müəllimlər Seminariyası açıldı. Bu seminariya xalqın maariflənməsi işində xüsusi rol oynadı. Zaqafqaziya xalqlarının, o cümlədən, Azərbaycan xalqının da mədəni inkişafında mühüm rol oynamış Qori Seminariyasının məzunları sırasında C. Məmmədquluzadə, N. Nərimanov, Ü. Hacıbəyov, F. B. Köçərli, M. Maqomayev, S. M. Qənizadə, R. Əfəndiyev, F. Ağazadə, S. Vəlibə-yov və b. kimi tarixi şəxsiyyətlər var idi.

Qori Müəllimlər Seminariyası ibtidai pedaqoji təhsilli mütəxəssislər hazırlamaq üçün yaradılmışdı. Hər il Qafqazın, xüsusən Zaqafqaziyanın bir çox yerlərindən müxtəlif millətlərə mənsub gənclər seminariyaya girmək üçün müraciət edirdilər. Onların arasında ruslar, azərbaycanlılar, ermənilər, gürcülər, kürdlər və bir çox başqa xalqların nümayəndələri var idi. Lakin seminariyada oxumaq hər kəsə nəsib olmurdu. İmtahanlar o qədər də asan deyildi. İmtahan verənlər məktəbə qəbul olunurdular: azərbaycanlılar aşağı hazırlıq siniflərinə, ruslar, gürcülər və digərləri isə yuxarı hazırlıq siniflərinə. Qəbul olunduqdan sonra beş il burada oxuyur,  daha sonrakı 5 ili məcburi olaraq ibtidai  xalq məktəblərində müəllimlik edirdilər. Təhsil illəri ərzində seminariyada əyləncə gecələri və səhərciklər keçirilirdi. Bu tədbirlər həm tarixi günlərə, həm elm və tədris məsələlərinə, həm də rus klassiklərinin, pedaqoq və alimlərin xatirəsinə, dini bayramlara, əlamətdar hadisələrə həsr olunurdu. Keçirilən gecə və səhərciklərin böyük tərbiyəvi əhəmiyyəti olduğu kimi, təhsil əhəmiyyəti də az deyildi. Belə gecələrə üçün tələbələr ciddi hazırlaşırdılar: onlar oxuyur, şeir əzbərləyir, inşa və referatlar yazır, albomlar, xəritələr, sxemlər düzəldir, sərgilər təşkil edir, öz yaradıcılıq imkanlarını göstərirdilər. Bundan başqa seminaristlər qonaqları mehriban qarşılamağı, onlara hörmət etməyi, kiçiklərə nümunə olmağı öyrənirdilər. Belə gecə və səhərciklərdə tələbələrin istedadları üzə çıxırdı. Azərbaycanın görkəmli bəstəkarlarından üzeyir Hacıbəyov, Müslüm Maqomayev, aktyor Ə.Terequlov ilk yaradıcılıq fəaliyyətlərinə məhz Qori Seminariyasında başlamışlar.

Seminariyanın ilk direktoru D. D. Semyonov və A. O. Çernyayevski olmuşlar. Onlar mütərəqqi fikirli şəxslər idilər və bu seminariyanın fəaliyyətinin

genişlənməsində misilsiz xidmətlər göstərmişlər.

1877-ci ildən  Mirzə Fətəli Axundovvə Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadəseminariyanın nəzdində Azərbaycan şöbəsinin açılmasına çalışırdılar. Onlar Qafqaz canişini, böyük knyaz Mixail Nikolayeviç Romanovu yola gətirmək üçün çox səy göstərdilər. Mirzə Fətəli öz məqsədinə çatmaq üçün canişinə Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov, maarif xadimi Həsən bəy Zərdabivə Peterburq Universitetinin fəxri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü,  Londonda Böyük Britaniya və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvüMirzə Kazım bəy haqqında xüsusi məlumat verir. O bildirir ki, azərbaycanlılar Avropanın bir çox ölkələrində –Fransada, Almaniyada, Vyanada, Rusiyada ali təhsil alırlar. Müsəlmanları geridə qalmış xalq kimi dəyərləndirən Qafqaz canişininin fikri dəyişir və o, Mirzə Fətəli və Mirzə Hüseyn Qayıbzadənin layihələrini qəbul edir. O, yaşayış yeri, təhsil üçün bina, müxtəlif ləvazimatlar üçün vəsaitin olmadığını və ölkənin müharibə vəziyyətini bəhanə edərək  məktəbin gürcü və ermənilər kimi hələlik yalnız Qori şəhərində açılmasına razılıq verir. Bu məqsədlə canişin Zaqafqaziya Müəllimlər Seminariyası yanında ölkənin azərbaycanlı əhalisi üçün üç il müddətinə müstəqil Azərbaycan şöbəsi açılması haqqında əmr verir. Əgər təcrübə yaxşı nəticə verərdisə, üç ildən sonra həmin şöbə müstəqil seminariyaya çevriləcək və Qoridən Azərbaycanın mərkəzinə köçürüləcəkdi. Beləliklə, 1879-cu il sentyabrın 1-də seminariyanın nəzdində yeni xüsusi tatar şöbəsi təsis edilir.

Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi təxminən 40 il fəaliyyət göstərir.Bu seminariyaya xüsusilə azərbaycanlılar cəlb edilirdi. Burada azərbaycanlı müəllimlər hazırlamaq üçün xüsusi pansionu olan «tatar şö’bəsi» var idi. Buna görə də seminariyaya girmək istəyənlər arasında azərbaycanlı gənclər çox olurdu, onların arasında da qarabağlılar və qazaxlılar üstünlük təşkil edirdi.

Seminariyada Azərbaycan dili və sünni təriqəti üzrə şəriət müəllimi vəzifəsinə Hüseyn Əfəndi Qayıbzadə, şiə təriqəti üzrə şəriət müəllimi vəzifəsinə molla Əbdülsalam Axundzadə təyin olunur. Seminariyanın tatar şöbəsinin direktoru isə A.O.Çernyayevski oldu.

Qafqaz müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadə (1830-1917) ədəbiyyatşünas alim və müəllim olmuşdur. Dini elmlərlə yanaşı, ərəb, fars, türk dillərini öyrənmiş, Şərq ədəbiyyatı və tarixini mükəmməl bilmişdir. 1879-1883-cü illərdə Qori müəllimlər seminariyasında ərəb və fars dili müəllimi işləyib. Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açmış, azərbaycanlı qızların təhsil alması qayğısına qalmışdır.

O zamanlar Əbdülsalam Axundzadə alim, maarif və din xadimi kimi məşhurlaşmışdı. 1879-cu ildə o, “Kitabi-müəllimül-ətfal” əsərini yazır. Əsərdə yenicə oxumağa başlayan uşaqların təlimi üçün yeni və daha asan yollar təklif edirdi. 1894-cü ildə Ə. Axundzadə “Sərməşq” adlı kitabını yazır . Burada gözəl xətlə yazılmış yazı nümunələri və hikmətli sözlər verimişdi.

 

Aleksey Osipoviç Çernyayevski (1828-1889 ) Şamaxıda kasıb rus ailəsində doğulub böyümüşdü. Bütün varlığı ilə Azərbaycana bağlı olan bu şəxs bütün həyatını azərbaycanlı balalarının maariflənməsinə, təhsil almasına həsr etmişdi. 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi yaratmış, mütərəqqi pedaqoji fikirləri ilə dövrünün qabaqcıl ziyalılarından olmuşdur. Aleksey  Çernyayevski İrəvanda, Naxçıvanda, Gəncədə,Şuşada, Şamaxıda, Qubada və Dərbənddə olur, qəza mərkəzlərində seminariyaya uşaq toplayırdı. O dövrdə bu cox çətin bir iş idi. Valideynlərə təhsilin, maarifin nə demək olduğunu izah edən A. O. Çernyayevski məqsədinin Azərbaycan xalqının qaranlıq yollarını işıqlandırmaq olduğunu söyləyirdi. O deyirdi ki,  valideynlər övladlarını bu işığı yandırmaqdan məhrum etməsinlər. Böyük maarifçi yüz kilometrlərlə yolu faytonla, araba ilə, qatarla, bəzən də piyada gedirdi. Onun Azərbaycanda ziyalı kadrlarının hazırlanmasında (R. Əfəndiyev, M. Mahmudbəyov, T. Bayraməlibəyov, S. Axundov, C. Məmmədquluzadə, N. Nərimanov və b. ) böyük xidmətləri olmuşdur. Çox keçmədən Şuşadan Firidun bəy KöçərliSəfərəli bəy VəlibəyovBaba bəy Səfərəlibəyov, Lənkərandan Teymur bəy Məmmədbəyov, Qazaxdan İsmayıl ağa VəkilovMəmmədağa Şıxlınski, Şəkidən Rəşid bəy Əfəndiyev Çernyayevskinin ümidlərini doğrultdular. Bu gənclər özlərindən sonra gələnlərin yolunu işıqlandıran böyük vətənpərvər maarifçilər və pedaqoqlar oldular. Azərbaycanlı tələbələr bilikləri, gözəl əxlaqları və yüksək mədəniyyətləri ilə seminariyanın xristian tələbə və müəllimlərini heyrətə salmışdılar.

Seminariyada Azərbaycan dilinin tədrisi tarixində Çernyayevskinin böyük xidmətləri olmuşdur. O, azərbaycanlı tələbələr üçün 1882-ci ildə “Vətən dili” dərsliyini tərtib etdi. Dəsliyə ən yararlı materiallar salınmiş, atalar sözündən, tapmacalardan, zərb-məsəllərdən istifadə edilmiş, bir pedaqoq kimi Aleksandr Osipoviç seçdiyi materialları canlı uşaq dilində düzəldib təqdim etmişdir. Bu kitab ölkənin bütün qəzalarında ibtidai rus-Azərbaycan məktəblərində tədris olunurdu. Kitab tələbəsi Rəşid bəy Əfəndiyevin xətti ilə daş basmasında nəşr olunmuşdu. “Vətən dili” kitabında Azərbaycan şairlərinin şeirlərindən də parçalar vermişdi. Çernyayevskinin “Vətən dili” kitabı  azərbaycanlılar üçün böyük əhəmiyyətə malik idi. “Vətən dili”ndən əvvəl Azərbaycan şöbəsi üçün dərslik yox idi. Buna görə də Çernyayevski tələbələrinin köməyi ilə həftəlik proqram tərtib etdi və sövti-üsulla məşğələ aparmaq üçün qiraət materialı hazırladı. Çernyayevski bu tədris materialını ustalıqla tərtib etmişdi və  azərbaycanlı məzunların pedaqoji hazırlığı üçün ən yaxşı baza oldu. SonralarAleksey Osipoviç Azərbaycan dilində qəzet açmaq istədi. O yazırdı ki, məqsədi xalqın düşüncəsini oyatmaq və onları maarifləndirməkdir. Lakin onun bu cəhdi boşa çıxdı. Qəzetin kifayət qədər abunəçisinin, jurnalistlərin olmaması kimi bəhanələr gətirib qəzetin nəşrinə mane olurlar. Xalqımıza təmənnasız xidmət göstərmək istəyən böyük maarifpərvər Aleksey Osipoviç Çernyayevski 1894-cü ilin dekabrında ürək partlamasından vəfat edir.

 

Xalqımızın maarif işığını yandıran böyük ziyalı Firidun bəy Köçərli sonralar yazırdı: “Qori Seminariyasının Azərbaycan şöbəsində yaxşı və diqqətəlayiq nə vardısa, hamısı Çernyayevskinin adı ilə bağlıdır. Çernyayevskinin “Vətən dili” bizim məktəblərdə tamam yeni bir dövr açdı”.

Firidun bəy Köçərli ( 1863-1920 ) tələbə ikən yunan filosofu Sokratın həyatı və əxlaqi görüşlərinə həsr olunmuş “Təlimati-Sokrat” əsərini tərcümə etmişdi.Sonralar Saleh bəy Zöhrabbəyovla birlikdə  “Təlimati-lisani-türki” dərsliyini tərtib etdilər. 35 illik müəllimlik fəaliyyətində ədəbiyyatşünaslıq üzrə ciddi axtarışlar aparmış Firidun bəy Köçərli türk dilinin tədrisinə dair çoxsaylı məqalələr yazmışdır. O, 300-dən artıq dərsliyə düzəloş etmiş, nəzəri materiallarla, hekayələrlə zənginləşdirmiş, metodik baxımdan yeniləşdirmişdir. Azərbaycan tarixi və ədəbiyyatının vurğunu olan ədib başqa xalqların ədəbiyyatı ilə öz ədəbiyyatımızı müqayisə edir, xalqlar arasında ədəbi-mədəni əlaqələri genişləndirmək məqsədilə etdiyi tərcümələrlə ( Puşkin, Lermontov, Çexov, Tolstoy, Koltsov, Sereteli və b.) rus mətbuatında fəal iştirak edirdi. Ədib Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ( M. P. Vaqif, M. F. Axundov və b.) irsinin təbliği sahəsində də çalışır, xalqın maariflənməsində, mədəniyyətinin inkişafında qəzet və jurnalların rolunu yüksək qiymətləndirərək məqalələr dərc etdirirdi. 1897-ci ildə Çernyayevskinin ölümündən sonra o, “Vətən dili” dərsliyinin yenidən işlənmiş təkmil variantını nəşr etdirmişdir.

 

Səfərəli bəy Vəlibəyov (1861-1902) gimnaziyanı bitirən ilk üç azərbaycanlıdan biri olmuşdur. O,  rus, fars və ərəb dillərini yaxşı bilirdi. O, “Xəzineyi-əxbar” adlı ensiklopedik kitab tərtib etmişdir. İlk buraxılışda təhsilini əla qiymətlərlə bitirən Səfərəli bəy 1881-ci ildə seminariyada ana dili müəllimi kimi saxlanılır. (C. Məmmədquluzadə, N. Nərimanov, S. S. Axundov və başqaları ibtidai təhsillərini Səfərəli bəy Vəlibəyovdan almışlar). Firidun bəy İrəvan gimnaziyasına, Teymur bəy Lənkərana, Mirzə Əli Məhəmməd Naxçıvana ibtidai rus-tatar məktəbinə müəllim göndərildi. Rəşid bəy Əfəndiyev isə Şəki qəzasının Qutqaşen kəndinə məktəb müdiri təyin edildi.

Teymur bəy Bayraməlibəyov ( 1862-1937) Qori müəllimlər seminariyasına daxil olan ilk üç azərbaycanlıdan biri idi. Seminariyanı bitirdikdən sonra Lənkəranda rus məktəbində dərs demişdir. Böyük səyi nəticəsində dərs dediyi şagirdlərin sayı ildən ilə artmışdır. 1907-ci ildə onun səyi ilə Lənkəranda “Qızlar”, 1909-cu ildə “Ziya ” adlı ilk rus-tatar məktəbi açılmışdır. Teymur bəy Bayraməlibəyov yaratdığı “ Xeyriyyə cəmiyyəti”nin xətti ilə şagirdləri dərslik, yemək, paltar, yol xərci ilə təmin edir, digər maddi və mənəvi köməklik göstərirdi.

Qori Seminariyasına gedən azərbaycanlıların sayı ildən-ilə artırdı. Təhsil, maarif, mədəniyyətin daşıyıcıları və carcıları olan  Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Soltan Məcid Qənizadə, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslüm Maqomayev, Şıxlınskilər, Süleyman Sani Axundov, Hacıbaba Süleymanov, Nəriman Nərimanov, Osman Əfəndiyev, İsfəndiyar Vəkilov, Fərhad Ağazadə və başqaları adlarını Azərbaycanın ədəbiyyat, mədəniyyət və istiqlal tarixinə yazdılar. Qori Seminariyasını bitirdikdən sonra onlar həyatlarının sonunadək Azərbaycanın azadlığı uğrunda başlanan istiqlal mübarizəsinə qoşuldular. Soltan Məcid Qənizadə 1905-1908-ci illərdə seminariyanın Azərbaycan şöbəsinin inspektoru oldu. Digər məzunlar da qəzalara, ucqar kəndlərə gedib dərs deyir, millətimizi cəhalətdən qurtarmaq üçün mücadilə edirdilər. Çünki bu məmləkətin azadlıq üçün hər şeydən əvvəl maarifə, mədəniyyətə ehtiyacı var idi.

Ana dilinin sadəliyinin və təmizliyinin qorunub saxlanması, inkişaf etdirilməsi və təbliği sahəsində geniş, hərtərəfli fəaliyyət göstərən ziyalılarımız bu dilin məktəblərimizdə əsaslı şəikldə öyrədilməsinə çalışırdılar. Azərbaycanda ana dilində məktəblərin açılması və ana dili təliminin qaydaya salınması dövrün vacib tələblərindən biri kimi ziyalılarımızı narahat edirdi. Bu mübarizədə N. Nərima-novun xidmətləri xüsusilə diqqətəlayiqdir. N. Nərimanov 1906-ci ildə Bakıda keçirilən Müsəlman Müəllimləri Qurultayının təşkilat komissiyasının sədri idi. Komissiya yeni dərsliklər tərtib etmək, yeni metodlar müəyyənləşdirmək və s. bu kimi işləri yerinə yetirməli idi.

1907-ci  ildə M. Mahmudbəyov “Türk əlifbası və ilk qiraət” dərsliyini, 1909-cu ildə A. Səhhətlə birlikdə yazdığı “Türk dilinin təlimi üçün üçüncü ilə məxsusu qiraət kitabı” adlı oxu dərsliyini, 1911-ci ildə “İmlamız”  kitabını çap etdirir.

Hüseyn Minasazov ( 1881- 1932)  Qori Seminariyasında  tam kursu 1894-cü ildə bitirmiş, müəllim işləmişdir. O, xalqın bir amal uğrunda birləşməsi naminə, onların dünyagörüşünün inkişafı, əhalinin maariflənməsi yolunda misilsiz xidmətlər göstərmişdir. 1909-cu ildə Minasazov rus dilində nəşr olunan “Zaqafqaziya” qəzetində çıxış edərək seminariyanın nəzdindəki müsəlman şöbəsinin sərbəst olaraq Azərbaycanın şəhərlərindən birinə köçürülməsini təklif etmişdi. 1918-ci ildə Qoridə seminariya bağlandıqdan sonra Azərbaycan şöbəsi həmin il F. Köçərlinin rəhbərliyi ilə Qazax şəhərində fəaliyyətə başlayır. Bu seminariya o dövrün ən yaxşı maarif ocaqlarından biri sayılırdı. Seminariya gənclərin  yalnız bədii təfəkkürünün inkişafında deyil, həm də dünyagörüşünün formalaşmasında mühüm rol oynayırdı. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında  Seminariyanın yetişdirdiyi kadrların əvəzsiz rolu olub.  Azərbaycanın bir sıra görkəmli maarif, mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimləri bu seminariyanın məzunu olmuşlar.

F. Köçərli Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət göstərdiyi dövrdə arzularını həyata keçirməyə çalışırdı. O, təhsilin məzmununun milliləşdirilməsi ideyasını irəli sürdü. ADR-in maarif naziri Həmid bəy Şahtaxtinski köhnə proqramları yenidən tərtib etmək məqsədilə F. Köçərliyə göndərdi. F. Köçərli təhsildə milliləşmə ilə əlaqədar proqramlarda Azərbaycan türkcəsinə uyğun gəlməyən bəzi sözləri redaktə etdi, “Azərbaycan tarixi” kursunun yeni proqramını qəbul edərək tarix dərslərini həmin proqram əsasında keçməyi təklif etdi. Proqramda türk qəbilələri və xalqları, qədim türk dövlətləri, onların mədəni xidmətləri, Azərbaycan haqqında tarixi məlumatlar, Şah Abbas, Nadir şah, Şirvan xanları və s. haqqında biliklər vermək nəzərdə tutulurdu. Əsrlər boyu tarixi həqiqətlər parçalanmış, gənc nəslə saxta tarix öyrədilmişdi. Qazax Müəllimlər Seminariyası cümhuriyyət dövründə təhsil sisteminin milli əsaslar üzərində qurulmasında dayaq rolu oynamaqla tarixi vəzifəni yerinə yetirdi.

Ü. Hacıbəyovun (1885-1948) yaradıcılığı xüsusilə rəngarəng idi. İlk Azərbaycan operasının müəllifi olan və yaradıcılıq sahəsinin hamısından istifadə edən bu böyük bəstəkar, həm də yazıçı və publisist kimi  yaradıcılığını xalqına xidmətə – onun müstəqilliyinə yönəltmişdi. Xalq azadlığı, şəxsiyyət azadlığı, fikir azadlığı ideyalarını təbliğ edən ədib yazırdı: “ Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir məmatdır.” Ü. Hacıbəyov sənət əsərlərinin həm xalqın maariflənməsində. Həm də  inqilabi mübarizəsində böyük təsir gücünə malik olduğunu söyləyirdi.

H. Əfəndiyev (1880-1963) Qori Müəllimlər Seminariyasında Zaqatala qazası üzrə təhsil alan ilk soydaşlarımızdandır. Doğma kəndində müəllimlik edən Həmzət bəy öz vəsaiti hesabına məktəblər açır, cəhalətə və avamlığa qarşı mübarizə aparmışdır. O, ibtidai məktəblərin açılmasında fəal iştirak etmiş, məktəblərdə qızların sayının çoxalmasına nail olmuşdur. H. Əfəndiyevin yetirmələri arasında alim, professor, dövlət xadimləri var idi.

O dövrdə Cəbrayıldan, Şamaxıdan, Ağdamdan, Göyçaydan, Naxçıvandan, Zaqataladan və başqa rayonlardan da şagirdlər gəlib, burada təhsil alırdılar. Böyük maarifçi və ictimai xadim Firudin bəy Köçərli həm seminariyaya başçılıq edir, həm də yüzlərlə qız uşağının savad əldə etməsi üçün yetimlər kursu təsis edir, qaçqınlara yardım fondu yaradırdı. Qori Seminariyasının Azərbaycan bölməsi 1940-cı illərə qədər Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərdi.

  Dövrünün görkəmli ziyalı qadını Şəfiqə Əfəndizadə ( 1882-1959) Azərbaycanın ilk maarifpərvər qadınlarındandır.1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış, Azərbaycan qadın təhsili tarixində ilk dəfə dərs demişdir. Öz yazılarında qadınları, anaları elmə, təhsilə, maarifə, mədəniyyətə səsləyirdi. Şəfiqə Əfəndizadə yazırdı ki, Vətən bizim qeyrətimizə, millətin səadəti bizim səylərimizə möhtacdır, qəlbində Vətəninə məhəbbət hiss edən hər bir insan var gücü ilə vəzifəsini yerinə yetirməyə çalışmalıdır. Qori Seminariyasının məzunu Fərhad Ağazadə də hər məqaləsində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, gəncləri təhsil almağa dəvət edir, valideynlərə uşaqlarını məktəbə göndərməyi tövsiyə edirdi.

1920-ci ildə Firidun bəy Köçərli erməni terrorçuları tərəfindən qətlə yetirilir. Bundan sonra seminariyaya xalq yazıçısı Mehdi Hüseynin atası Əli Hüseynov rəhbərlik edir.

Qazax Seminariyasının fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. 1919-cu ilin əvvəlində Azərbaycanın böyük şəhərlərində 23 dövlət orta təhsil müəssisəsi ( o cümlədən,  6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllim seminariyası, 3 qadın təhsil müəssisəsi, 1 politexnik və 1 ticarət məktəbi) fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasının fəaliyyətinin  nəticəsi kimi qısa vaxtda Azərbaycanda pedaqoji kursları açıldı. Gəncədə, Qazaxda, Şuşada, Nuxada kişi, Bakı, Nuxa və Gəncədə ikiillik qadın kursları, müxtəlif cəmiyyətlər, xeyriyyəçi kurslar təşkil edildi.

Bu məktəb əslində ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşıyırdı. Lakin Qori Seminariyasının Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib. Qori Seminariyasını bitirən nəsil Azərbaycan musiqisinin, mədəniyyətinin, maarifinin, təhsilinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizənin önündə getdilər. Mehdixan Vəkilov Səməd Vurğun haqqında xatirələrində yazır: “Seminariyadakı təhsil sistemi, daxili qanun-qayda, müəllimlərin pedaqoji rəftarı, özfəaliyyət, ictimai işlər… Səmədin inkişafına və fikrən təşəkkülünə ilkin güclü təsir göstərirdi.”

Qori Müəllimlər Seminariyasını bitirən mütəxəssislər xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynadılar. Qori Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində 250 müəllim hazırladı. Bu məzunlar arasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Hüseyn Minasazov, Ə. Seyidov, S. Vəlibəyov, Teymur bəy Bayraməli-bəyov, Y. Qasımov, M. Ə. Xələfov və  onlarla başqa görkəmli şəxsiyyətlərin adla-rını çəkmək olar.

Səməd VurğunMehdixan VəkilovOsman SarıvəlliMehdi HüseynSeyfulla Şamilovİsmayıl Şıxlı kimi böyük bir ziyalı nəsli isə Qazax Seminariyasının yetirmələri idilər.

Bu ziyalıların irsi elm, əhsil və mədəniyyətin bir çox sahələrinin inkişafında ən zəngin və maraqlı mənbə kimi bu gün də öz əhəmiyyətini saxlayır. Onların elmi və bədii irsi Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsəniətinin ən dəyərli nümunələridir.

 

Автор
Дата добавления 07.04.2015
Раздел История
Подраздел Конспекты
Просмотров362
Номер материала 477650
Получить свидетельство о публикации
Похожие материалы

Включите уведомления прямо сейчас и мы сразу сообщим Вам о важных новостях. Не волнуйтесь, мы будем отправлять только самое главное.
Специальное предложение
Вверх