Ölümündən 800 il keçdikdən sonra
da Çingiz xanın qəbrinin
axtarışları davam edir. Hazırda bu iş üçün nəinki yeni texnologiyalara əl
atılır, hətta dünyanın bir çox yerlərindən mütəxəssislər də cəlb olunur.
Həvəskar arxeoloqlar Google xəritəsində kosmik sputniklərdən çəkilmiş
şəkillərdən yararlanırlar. Ümumən istəklərinin nəticə verəcəyini söyləmək
mümkündür. Hərçənd onu da deyək ki, axtardıqları heç də asan başa gələn deyil
və illər ərzində ona çatmağa hesablanmış bütün cəhdlər uğursuzluğa düçar olub.
Ümumən Böyük Monqol imperiyasının
banisinin qəbri çoxlarına sakitlik vermir. Müəyyən qisim dünyanın fatehinin
ölüm səbəbini bilmək istəyir. Bəziləri qəbirdəki xəzinənin axtarışındadır (belə
bir ehtimal var). Amma qəbrin yerini müəyyənləşdirmək sanki açılması mümkün
olmayan sirdir. Bu məqsədə çatmaq üçün təkcə isanlar deyil, belə desək, təbiət
də çox çalışıb. 800 il ərzində dəyişmiş təbii-çoğrafi mühiti nəzərdə tuturuq.
Tanınmış orta əsr tarixçisi Fəzlullah Rəşidəddin özünün
əlyazmalar toplusunda Çingiz xanın ölümü barədə
yazır ki, böyük sərkərdə Tanqut ölkəsinin
sərhədlərindən kənarda xəstəlik nəticəsində dünyasını dəyişib. O da deyilir ki,
qəbir yerinə aparan yoldakı bütün adamlar, hətta təsadüfən görünənlər belə
öldürülüb. Sonra qəbri qazanlar aradan götürülüb. Ardınca onları öldürənlərin
axırına çıxılıb.
Başqa versiyada deyilir ki,
hökmdarın basdırıldığı məkanda sıx ağaclıq əkilib, hətta həmin yerə doğru çayın
axını da dəyişdirilib. Görünür, ərazinin möhkəm soyuqluğu da rolunu oynayıb.
Digər tərəfdən, böyük hökmdarın
ölümündən sonra yaranmış əfsanəyə görə, onun qəbrini tapan hər bir şəxs
öləcəkdi. Buna görə də kimsə axtarışa cəhd göstərməyib və uzun müddət beləcə
davam edib.
Ümumənsə Şərqdə əfsanələr həddən
artıq çox yayılıb. Məsələn, əmir Teymurun məzarı ilə bağlı vəziyyəti
xatırlamağa dəyər. Bildirildiyinə görə, onun qəbri lənətlənmişdi. Amma bu
deyimlər məcara axtaranları yollarından döndərə bilməmişdi. Daha bir sözə
inansaq, Çingiz xanın qəbri onun ölümündən 30 il sonra açılıb.
Bəziləri deyir ki, Çingiz xanın
qəbrini Tuvada (Rusiya
Federasiyasının tərkibinə daxil olan muxtar vilayət) axtarmaq lazımdır. Çünki
Monqol imperiyasının banisinin vətəni qədim uryanxayların, yəni tuvalıların
yaşadıqları ərazidədir. Mövcud versiyanın müəllifi Tuva Universitetinin
professoru Nikolay Abayeviin fikirləri əslində təzadlı təsir
bağışlamaqdadır. Onun sözlərinə görə, Rusiyadakı tarixçilərin çoxu Çingiz xanın
Altay-Sayandan olduğuna söykənirlər. Həmin yer də ya müasir Tuvaya, ya da
şimal-qərbi Monqolustan ərazisinə təsadüf edir ki, burada da etnik tuvalılar
yaşayıblar.
Əlbəttə, ehtimallarla
razılaşmayanlar da var. Məsələ burasındadır ki, Çingiz xanın dövründə
«uryanxay» etnoniminə Cənubi Sibirin bir çox xalqlarında rast gəlinir. Məsələn,
müasir yakutlar və Baykal ətrafı bir çox türk tayfaları özlərini belə
adlandırırdılar. Yeri gəlmişkən, monqolların tarixi ilə bağlı qədim sənədlərdə
Tuva sakinləri «oyin» adlandırılıb, «uryanxay» isə məhz Baykal türklərinə
münasibətdə işlədilib. Bundan başqa deyilir ki, Tuva ərazisində imperiyaya
birləşmiş tayfalar uzun müddət işğalçılara qarşı ciddi müqavimət göstəriblər.
Bu baxımdan döyüşkən tumatların monqollara qarşı üsyanları xüsusi vurğulanır.
Onlar çox aciz şəkildə böyük orduya qarşı vuruşublar. Hətta döyüşlər zamanı
Çingiz xanın göndərdiyi Boraqul noyon öldürülüb. Tumatlara qarşı Çingiz xanın böyük
oğlu Cucinin başçılığı ilə qoşun da göndərilib. Tumatlardan sonra isə başqa
tayfalar üsyana qalxıblar. 1220-ci ildə müqavimət qırılsa da, Tuvanın dağlıq
ərazilərində partizan dəstələri mübarizələrini davam etdiriblər. Bütün bunlar
isə onunla nəticələnib ki, Çingiz xan Cuci ulusuna daxil olan bu ərazini özünün
şəxsi mülki elan edib. Ümumən 1225-ci ildə müqavimət tamamilə yatırılıb. Böyük
hökmdar isə iki il sonra dünyasını dəyişib.
Bütün bu faktlar ondan xəbər
verir ki, Çingiz xanın mühafizə dəstəsində tuvalılardan heç kəs ola bilməzdi.
Bunu professor Abayev də vurğulayır və bildirir ki, orduya belə qeyri-leqal
regiondan əsgərlər toplanması sadəcə mümkünsüzdür. Hökmdarın ölümündən bir neçə
il öncə qanı su yerinə axıtdığı bölgədə basdırılmasını ehtimal etmək ağlabatan
deyil. Alimin bildirdiyinə görə, əgər belə bir hal baş versəydi, həmin ərazinin
əhalisi cəsədi tapmaq üçün yerin altını üstünə çevirərdi.
Buna görə də Çingiz xanın
qəbrinin onun işğallarına bir növ, leqal yanaşmış bölgələrdə axtarmağın
tərəfdarları daha çoxdur. Buna görə də hazırda amerikan və monqol alimlərindən
ibarət belə demək mümkünsə, beynəlmiləl komanda diqqəti dağlıq Hentey bölgəsinə
cəmləşdirir. Sözügedən yer Monqolustanın şimal-şərqində Rusiya ilə sərhəddə
yerləşir. Qeyd edək ki, hələ 1960-cı illərdə Almaniya Demokratik
Respublikasından və Monqolustan Xalq Respublikasından olan ekspedisiya üzvləri
buradan sümüklər, mismarlar, kərpic və ehram bünövrəsinin qalıblarını
aşkarlayıblar. Həmçinin içərisində ox ucluqları olan daş kurqanlar da tapılıb.
Amma insan qalıqlarına rast gəlinməyib.
SSRİ-nin dağılmasından sonra
Tokiodakı «Yomiuri Shimbun» qəzetinin maliyyə vəsaiti hesabına Henteydə yapon
ekspedisiyası tədqiqat işləri aparıb. Həmin vaxt mətbuatda böyük hay-küylə
qarşılanmış fəaliyyət demək olar nəticəsiz qalmışdı.
2001-ci
ildə ərazidə çikaqolu ticarətçi Mori Kraviçanın rəhbərliyi ilə aparılmış işlər
sonradan Monqol hakimiyyətinin etirazı ilə dayandırılır. Səbəb isə X əsrə aidliyi bildirilmiş
keçikçinin sümük qalıqlarının aşkarlanmasından sonra ekspedisiyanın bir neçə
üzvünün bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsi və «Çingiz xanın
qəbrinin lənəti öz sözünü deyir» kimi fikirlərin qəzetlərə yol tapması olur.
«800 il ərzində Hentey dağ
massivi bağlı rayon olub. Çingiz xan belə istəyib». Bunu «National Geographic»
layihəsinin eksperti Albert
Lin deyir.
Onun sözlərinə görə, bu günlərdə həmin yerdən XIII-XVI əsrlərə aid nəhəng
tikinti qalıqları tapılıb. Arxeoloqlar Henteydən çoxsaylı müxtəlif
maddi-mədəniyyət nümunələri, o cümlədən ox ucluqları, keramika məmulatı və s.
aşkarlayıblar.
Hazırda 10 min kvadrat
kilometrlik məhz həmin məntəqədə pilotsuz ekspedisiya təyyarələri dövrə vurur,
minlərlə könüllü isə sputnikdən alınmış foto şəkilləri dəqiqliklə öyrənir. Ən
son elmi və texniki nailiyyətlərdən istifadə edilməklə məlum olmayan geoloji
qalıqlarının qeyri-adi strukturunun identifikasiyası həyata keçirilir.
«Əgər Monqolustan ərazisində
Çingiz xanın qəbri aşkarlansa, bu, böyük geosiyasi rezonans da doğuracaq». Bunu
isə «Çingiz xan: həyatı, ölümü və yüksəlişi» kitabının müəllifiCon Men deyir. Həm də Çində bir
çoxu hesab edir ki, Monqolustan Tibet kimi Çinin
tərkibində olmalıdır. Vaxtilə Xubilay xanın
dövründə olduğu kimi.
Оставьте свой комментарий
Авторизуйтесь, чтобы задавать вопросы.